90-cı illərin uşaqları

5 yaşım olanda Birinci  Qarabağ müharibəsi  başladı. Dağılmış evlər, amansızlıqla qətlə yetirilmiş insanlar, məhv edilmiş kəndlər, yurdsuz qalıb müxtəlif rayonlara, şəhərlərə üz tutan köçkünlər gördüm. Uşaqlıq illərim 90-cı illərə düşdü. Siyasi qeyri-sabitliyin və keçid dövrünün iqtisadi problemlərinin hökm sürdüyü o illərə…

Bakı şəhərində yaşayırdım… Ölkəmizin sənaye potensialının böyük hissəsinin cəmləşdiyi şəhərdə!

Sovetlər birliyi yeni dağılmışdı. Həmin illərdə digər ölkələrlə iqtisadi əlaqələrin pozulması şəhərdəki fabrik və zavodların fəaliyyətinin dayanmasına səbəb olmuşdu. Bu da sosial problemlər yaratmışdı. Ölkədə qıtlıq baş alıb gedirdi.

Uşaqlıq illərimi ən çox səhər 6-dan dayandığım çörək növbələri ilə xatırlayıram. Yəqin ki, mənim yaşıdlarım da belədir. Çox çəlimsiz və arıq olduğum üçün bütün məhlənin yerinə çörəyi mən alırdım. Adamların arasından keçmək, balaca əllərimi dəmirdən salıb pulu satıcıya vermək üçün ən yaxşı seçim mən idim. Bəzən isə bu da uğurlu olmurdu. Hərəyə 3 ədəddən artıq çörək vermədiklərinə görə öz ailəmiz üçün alıb qayıdırdım. Arabir başıma dəyən qapazları, şillələri də xatırlayıram. Növbəyə duranlar arasından məni kənara itələyən xalaları da xatırlayıram. Öz uşağını  növbəsiz qabağa salan bibiləri də… Dirsəyim, dizim qanasa da, üst-başım toza batsa da, çörək aldığım üçün sevindiyim o vaxtları da.. “Yaxşı, bəs bütün bunlar niyə baş verirdi?” soruşsanız, cavabım: “Ölkəmizdə müharibə gedirdi axı…” olacaqdır.

Tez-tez sönən işıqlar, qaranlıqda, lampa işığında hislənmiş balıq və qaynanmış kartof yemək, qonşularla birlikdə vedrə götürüb su gətirməyə getmək… Bunlardır 90-cı illərin uşaqlarının xatirələri…

O illərdə televiziya və radiodan eşitdiyimiz xəbərlər heç də ürəkaçan deyildi. Eşitdiyimiz ard-arda kənd və rayonların işğal edilməsi xəbərləri, gördüyümüz insanların dəstə-dəstə evlərini tərk edib digər rayon və şəhərlərə yerləşməsi idi. Dünənə kimi məhlədə futbol oynayan gənclərin şəhid xəbəri gəlirdi. Atasız qalmış uşaqlar bütün məhlənin uşağına çevrilir, hamı süfrəsində oturdurdu.

Bütün bunlar bizləri özümüz istəmədən böyütdü… Boş qalan soyuducular bizi böyütdü… Köhnəldiyi üçün qışda su keçirən çəkmələr bizi böyütdü… Sevdiyimiz oyuncağı ala bilmədiyi üçün utanıb başını aşağı salan atamıza olan anlayışımız bizi böyütdü… Qarabağdan köçkün gələnlərlə yeməyimizi, evimizi paylaşmaq bizi böyütdü… Əlimizdəki çörəyi həyətdəki uşaqlarla bölüşmək bizi böyütdü… “Bəlkə, başqasının atası ala bilmir” düşüncəsi ilə atamız alan meyvə-tərəvəzi evdə yedikdən sonra həyətə düşməyimiz bizi böyütdü… Dükandan ərzaq almaq üçün “nisyə dəftərinə” yazdırdığımız borclar bizi böyütdü… “Yaxşı, bəs bütün bunlar niyə baş verirdi?” soruşsanız , cavabım: “Ölkəmizdə müharibə gedirdi axı… “ olacaqdır. 

Bu yaşadıqlarım qan yaddaşı ilə bütün hüceyrələrimə həkk olunmuşdu sanki. İşğal edilmiş ərazilərin tarixi… Biz bu tarixləri hər gün təkrarladıq… Heç unutmadıq… 26 Dekabr 1991 ci il- Xankəndinin işğalı ilə başlamışdı döyüş… Mən 6 yaşımda ikən. 26 fevral 1992-ci il Xocalıda törədilən o dəhşətli soyqırım, soyuqdan donmuş uşaqlardan, qadınlardan, qocalardan ibarət səhnə 7 yaşımdan bəri gözümün önündən getmədi. 8 may 1992-ci il Qarabağın gözü olan Şuşanın işğalı. 10 gün sonra Laçının işğalı. Eləcə də, 1992- ci ilin 2 oktyabrında Xocavəndin işğal xəbərini məktəbdə ikən eşitmişdim.

Nəhayət, 1993 cü il! Aprel ayından başlayaraq yeddi rayonun təcavüzkarlar tərəfindən işğal xəbərini aldığımız o il! 2 apreldə Kəlbəcəri, 17 iyunda Ağdərəni itirdik. 23 iyulda Ağdamsız qaldıq. 23 avqustda iki rayonu  Cəbrayıl və Füzulini itirdik. Həmin ayın 31-də Qubadlı işğal olundu. 29 oktyabr 1993 cü ildə isə Zəngilansız qaldıq.

44 GÜN QARABAĞDA kitabından….

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);