VƏTƏN müharibəsi haqqında

O gün gəlmişdi…  İnternet şəbəkəsinin kəsilməsi ilə ilk təşviş evlərdə başlamışdı. Çox keçmədən məhlədə, küçələrdə insanların bir yerə toplaşıb nəyisə müzakirə etməsi ölkədəki həyəcandan xəbər verirdi… O gün  sosial şəbəkə aktuallığını itirmiş, nəzərlər televizora çevrilmişdi… Hər bir azərbaycanlı həyəcanla Ali Baş Komandan İlham Əliyevin çıxışını gözləməkdə idi.

27 Sentyabr 2020 — ci ildə ermənilər atəşkəs rejimini kobud şəkildə pozmuşdular. Bunun qarşısını almaq üçün ordumuz düşmənə qarşı əks-həmlə əməliyyatını başlatmışdı. Nəhayət, o tarixi əhəmiyyətli müraciətinə İlham Əliyev: “Bu gün səhər Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur” cümləsi ilə başladı. “Ermənistan işğalçı dövlətdir! Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır! Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” söyləməklə Prezident ölkəmizdə hərbi vəziyyətin elan olunduğunu bəyan etdi!

Həmin andan etibarən  hər bir özünə azərbaycanlı deyən kəs yalnız bir hissi — qürur hissini yaşamaqda idi! Gözlərdəki sevinc qisas yanğısı ilə qarışmışdı. Ali Baş Komandan öz çıxışı ilə hər bir kəsdə yalnız “Qalib olacağıq!” düşüncəsini yaratmışdı.

28 sentyabrda ölkədə qismən səfərbərliyin elan edilməsi ilə könüllülər dəstə-dəstə döyüşdə iştirak etmək üçün hərbi komissarlıqlara gedərək, adlarını ordu sıralarına yazdırırdılar.

Müharibəni yekunlaşdıran Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsi oldu.

Bundan sonra hər il 27 sentyabr Anım, 8 noyabr isə Zəfər bayramı günləri kimi qeyd ediləcəkdir!

44 günlük müharibə nəticəsində Azərbaycan dövləti niyyətinə nail oldu. Uca Allahın köməyi, Qəhrəman Azərbaycan əsgərləri, çavuş, gizir və zabitlərinin şücaəti sayəsində düşmən yenildi. Vətən torpağı heç bir zaman ölməyəcək, millətimiz və dövlətimiz mövcud olduqca yaşayacaq. İllərdir “Öldür məni, dirildim səni” sözünə həsrət qalan, külüngü, beli, orağı özləyən torpaq şəhid qanları ilə suvarıldı.

Azərbaycan təkcə hərb meydanında qələbə qazanmadı. Qazanılan qələbə Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatı üzərində tarixi qələbəsi oldu. Qələbənin dünya bazarlarında neftin qiymətinin aşağı düşdüyü, koronavirusun tüğyan etdiyi ağır bir şəraitdə qazanılması Prezident İlham Əliyevin uzun illərdən bəri yürütdüyü iqtisadi strategiyanın düzgünlüyünü bir daha təsdiq etdi. Ordunun bütün təchizatı dəqiq saat mexanizmi kimi təmin edildi. Ölkə əhalisi heç bir qıtlıqla üzləşmədi…

Savaş dövründə ilk günlərdən etibarən qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə dövləti bütün dünyaya “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadı” mesajını verdi. Bu, xalqımıza böyük siyasi və mənəvi güc qazandırdı.

Ermənistan təkcə hərb meydanında məğlub edilmədi, Prezident İlham Əliyev dünyanın məşhur KİV-inə verdiyi müsahibələri ilə bir neçə yüz il boyunca dünyanı aldadan uydurma erməni təbliğatını təkbaşına darmadağın etdi. Yüz milyonlarla insan erməni yalanlarını başa düşdü. Dünya erməni faşizminin iç üzünü gördü. Özlərini hiyləgərliklə dünya ölkələrinə əsrlər boyu cəsur xalq  kimi göstərən ermənilər 44 günlük müharibənin gedişində ordu sıralarını doldurmağa adam tapa bilmir, uşaqları və qadınları cəbhəyə yollayırdılar. Döyüş meydanında,  yaralı əsgərlərini və meyidlərini qoyub qaçır, işğal altında saxladıqları ərazilərimizi boşlatmağa məcbur edilərkən isə əşyalarını qucaqlarına alıb daşıyırdılar. Beləcə döyüş meydanında öldürülmüş işğalçı erməni əsgərinin cəsədinin qiymətsizliyini dünyaya göstərirdilər.

44 günlük II Qarabağ Müharibəsi, 44 günlük Vətən Müharibəsi”, 44 günlük “Dəmir Yumruq Əməliyyatı”nda qazanılan qələbə milli-mənəvi birliyimizin qələbəsi oldu! Bu müharibə nəticəsində Azərbaycan  dünyanın hər bir yerində başını dik tutaraq, özünə güvənərək, qalib millət kimi qürur hissi ilə addımlayır.

Çinarə Köçərli 

setcookie('viewedProd[' . $post->ID . ']', $post->ID, time()+3600);