Uşağa yaxşı təhsil vermək üçün 5 vacib faktor

 

Təhsilin yaşı yoxdur. Ancaq hansı yaşda olursunuzsa-olun təhsil həyatını bir sistem içərisində davam etdirmək, təməl mövzularda və anlayışlarda özünü mümkün qədər inkişaf etdirmək vacib şərtdir. Bagcam.az Aile.lent.az-a istinadən təhsillə bağlı yeni dünyagörüşünə sahib olmaq istəyənlər üçün 5 əhəmiyyətli mövzunu təqdim edir.

İngilis təhsilində yeni bir dünyagörüşü: qaydalarla deyil, yaşayaraq öyrənmək

Xarici dil bütün təhsil həyatımız boyu ən çox əhəmiyyət verdiyimiz əsas mövzulardan biridir. Çünki müasir dövrlə ayaqlaşmaq, yaxşı karyera, iş qurmaq, ictimai həyatda ünsiyyət qurmaq, məlumat toplamaq və bacarıqlarımızı inkişaf etdirə bilmək üçün xarici dili yüksək səviyyədə bilmək məcburiyyətindəyik. Xarici dil tədrisinin bu qədər əhəmiyyətli olmasına baxmayaraq, istənilən səviyyədə nəticə ala bilmirik. Mövcud vəziyyətin dəyişməsi və ideal xarici dil təhsilinin inkişaf etdirilməsi üçün təhsil müəssisələri çox işlər görür. Təməl problem xarici dil təhsilinin gündəlik həyatımıza daxil olmamasıdır. Davamlı olaraq qaydalara bağlı bir dil təhsili gündəlik həyatımıza daxil olmadıqca məhsuldar ola bilməz.

Mühakimə etmək üçün riyaziyyat şərtdir

Riyaziyyat təhsil həyatında əhəmiyyətli fəndir. Buna baxmayaraq, bir çox şagird bu dərsi sevmir. Riyaziyyatın çətin dərs olduğu deyilir. Lakin bu problem şagirdin özündə axtarılmalıdır. Təhsil sisteminə gələn yeni həll üsulları bu mövzunu yenidən gündəmə gətirir. Bununla yanaşı qeyd edək ki, riyaziyyat təhsilində hədəflərlə mühakimənin birbaşa əlaqəli olduğunu bilən, riyaziyyatı bu anlayışla öyrənən şagird və tələbələrin dərsə yanaşmaları da artıq əvvəlki kimi deyil.

Həyat boyu təhsil dedikdə nə anlayırıq?

Həyat davam etdikcə təhsil də davam edir. Bu cümləni tez-tez eşidirik, amma həqiqətdə isə həyat boyu təhsil dedikdə nə anlayırıq? Bir insanın özünü inkişaf etdirməsi “fərd” olma müddətində evdə, məktəbdə, ictimai ətrafda həyatına qata bildikləri, təhsil anlayışının fərqli istiqaməti və ölçüsüdür. Bu səbəbdən də həyat boyu təhsili çoxyönlü dərk etmək lazımdır. Çünki həyatın içində hər birimiz bir müəllim və ya şagird mövqeyində ola bilərik. Təhsili məktəb təhsili ilə məhdudlaşdırmamaq, həyatın hər sahəsinə yaymaq və bu mövzuda fərqlilik yaratmaq hamımızın ortaq məsuliyyətidir.

“Sən” dili ilə deyil, “mən” dili ilə danışmaq əhəmiyyətlidir

Valideyn olmaq çox böyük məsuliyyətdir. Uşaq doğulduğu ilk gündən etibarən davamlı olaraq onunla ən doğru ünsiyyəti qurmağın yollarını axtarırıq. Uşağın böyüdüyü ailə mühiti, valideynlərin davranışları, ailədaxili ünsiyyət forması uşağın tərbiyəsini təyin edən əhəmiyyətli faktorlardan biridir. Elə bu yerdə “sən” dili ilə deyil, “mən” dili ilə danışmağın əhəmiyyəti ortaya çıxır. Ünsiyyətdə “mən” dilini istifadə edən ailələr vaxt keçdikcə bu dilin uşaqlar üzərindəki müsbət təsirini daha dəqiq görür.

Məlumatdan maraq, maraqdan qabiliyyət doğulur

Uşaqlarınızın maraq və qabiliyyətlərinin nə qədər fərqindəsiniz? Hər uşağın xüsusi bir qabiliyyəti var deyə bir qayda yoxdur. Ancaq uşaqların mütləq maraq duyduğu və müvəffəqiyyətli olduğu sahələr var. Uşaqlarda qabiliyyətin təsbit edilməsi üçün ailələrin maraq sahələri ilə əlaqədar lazımi şərait yaratması və məlumat verməsi əhəmiyyətli addımdır. Bu addımı atmaq üçün də ailələr uşaqlarının yalnız fiziki inkişaflarını deyil, zehni inkişaflarını və psixologiyalarını də təqib etməlidirlər. Hər ailə uşağını müəyyən bir yaşdan etibarən bir sahəyə istiqamətləndirmək istəyir. Ancaq bu istiqamətləndirmə valideynin öz maraqlarına görə deyil, uşağın maraqlarına əsasən olmalıdır.