Zikr həm qəlb, həm də dil ilə olur. Ən gözəl zikr isə ikisi bir vaxtda həm dil həm də qəlblə edilən zikrdir. Allahı zikr etməyən qəlb-görməyən gözə və eşitməyən qulağa bənzəyir. Zikr Allah ilə insan arasında olan qapılardan biridir. Uca Allah Onu çox zikr etməyi əmr edərək, buyurur:
“Ey iman gətirənlər! Allahı tez-tez yada salın! Səhər-axşam Onun şəninə təriflər deyin! Əhzab 41-43
Bir gün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Mufərridlər hamını geridə qoydular”. Səhabələr: “Onlar kimlərdir, ey Allahın elçisi?”– deyə soruşdular. Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Allahı çox zikr edən kişilər və qadınlardır”–deyə buyurdu.
“Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!”.Bəqərə 151
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Uca Allah buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam, Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli bir toplumun (mələklərin) yanında yad edərəm. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”.
Zikr Allahın insanı dar günündə xatrırlamasına səbəbdir. Yunus peyğəmbər (Allahın ona salamı olsun) Allahı çox zikr edən bəndə idi. Bir gün qövmünü dəvət etməkdən yorulub küsüb gedir. Balıq onu udur. Zikr edir davamlı “Lə iləhə illə ənt. Subhənəkə inni kuntu minəzzalimin”. Mələklər Uca Allaha deyir: «Bu səs bizə tanışdır.» Allah deyir:» Bəli, o Mənim qulum Yunusdu» Məlklər deyir: » Hər halında Səni zikr edən Yunus? Sən ona kömək olmayacaqsan?» Uca Allah deyir: » Əlbəttə olacağam. Balığa onu sahilə çıxarmasını əmr edir!»
Allah Yunus peyğəmbər (Allahın ona salamı olsun) barədə buyurur:
“Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik” Saffat 143-146
Uca Allahı zikr etməyən kimsələr barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Rəbbini yad edənlə etməyənin misalı diri ilə ölünün misalına bənzəyir. Çünki qəlbin qidası zikrdir və qəlb o qidanı almadıqda ölər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizə əməllərinizin ən xeyirlisini, Rəbbiniz yanında ən təmiz olanını, dərəcələriniz içində ən yüksəyini, sizin üçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisini, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini bildirimmi?” (Səhabələr) dedilər: “Bəli!”. O dedi: “Uca Allahı zikr etməkdir.
Dil daim qəlb ilə vəhdətdə olub Allahı xatırlarsa, bu hal insanda özünə nəzarəti də təmin etmiş olur. İnsan nə zaman pisliklər edir? Əlbəttə ki, Allahdan uzaqlaşıb şeytana yaxınlaşdıqda. Zikr isə insanı şeytandan uzaqlaşdırıb Allaha yaxınlaşdırdığı üçün onu Allahdan qorxmağa və pisliklərdən uzaq durmağa sövq edir. İnsanın qəlbən və səmimi şəkildə zikr edə-edə pisliklər etməsini isə heç ağıla belə gətirmək olmur.
Ən gözəl zikr Quran oxumaqdır.
«Quran oxuyun! O, Qiyamət günü sahibinə şəfaətçi olaraq gələcəkdir!»
“Qəlbləriniz təmiz olarsa, Quran oxumaqdan doymazsınız!”.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurmuşdur: “Kim bilmək istəyirsə, o, Allahı sevir, ya yox, özünü Qurana fəda versin. Quranı sevdikdə Allahı sevmiş olur. Çünki Quran Allahın kəlamıdır”.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: «Üç şey zehni gücləndirir: «Dişləri təmizləmək, oruc tutmaq və Quran oxumaq».
“Quran sizə xəstəliklərinizi və onun dərmanını göstərir. Xəstəlikləriniz etdikləriniz günahlar, dərmanı isə istiğfardır!”.
“Mənə dua edin, Mən də sizə cavab verim. Ğafir 60.
Amma biz dua edirik, duamız qəbul olunmur deyirsənsə,. İbrahim ibn Ədhəmin (Allah ona rəhmət eləsin) sözlərini xatırla:
- Allahı tanıdınız, haqqını vermədiniz.
- Quranı oxudunuz, onda olanlara əməl etmədiniz.
- Dediniz ki, peyğəmbəri sevirsiniz amma onun yolunu tərk etdiniz.
- Dediniz ki, İblisə lənət edirsiniz, lakin ona tabe oldunuz.
- Öz eyiblərinizi buraxıb insanların eyibləri ilə məşğul olmağa başladınız