Yazıçılar Birliyinin üzvü, 10-dan çox rəngarəng və faydalı uşaq kitablarının müəllifi Çinarə Köçərlinin təsis etdiyi “Ting” nəşriyyatı bir müddət əvvəl öz fəaliyyətinə başlayıb.
“İki sahil” xəbər verir ki, “Sağlam ting, saf meyvədir” devizi ilə fəaliyyətə başlayan “Ting” nəşriyyatı faydalı insanlardan ibarət cəmiyyət üçün uşaqların yüksək mənəvi dəyərlərə, tarixi köklərimizə, milli ruhumuza uyğun yetişdirilməsini qarşısına məqsəd qoyub. Bir neçə gün öncə qardaş Türkiyə dövlətinin tanınmış uşaq yazarı Ufuk Tufanla birlikdə çox önəmli bir layihəyə imza atıb. Belə ki, Kitabi Dədə Qorqud hekayələrindən ilham alaraq Ufuk Tufanın qələmə aldığı və 5 fərqli dəyərə yer verdiyi “Bamsı Beyrək Divlər Ölkəsində”, “Banu Çiçək Pərilər Diyarında” adlı, nəfis tərtibatlı, 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət, müxtəlif rəsmlərdən ibarət, qədim türk kəlimələrinin açıqlamasından və kitabın sonunda dəyərləndirmə testlərindən ibarət 112 səhifəlik kitab işıq üzü görüb.
Kitablarda “Dədə Qorqud” dastanının önəmli qəhrəmanlarının səyahəti, başlarına gələn müxtəlif hadisələr uşaqların həyəcan və maraqla kitabı oxumasına səbəb olsa da, daha çox onlara müsbət mənəvi keyfiyyətləri aşılayır, türk millətinin qəhrəman və qorxmazlığını anladır. Belə ki, qəhrəmanların simasında vətən sevgisi, sülhsevərlik, vətənpərvərlik, sirindillik, sadəlik kimi xüsusiyyətlər öyrədilir. Mərhəmətli, nikbin, ədalətli, fədakar olmağa çağırır. Heyvanları sevməyin, təbiəti qorumağın mühümlüyü vurğulanır.
Qeyd edək ki, türk millətini türk edən bu xüsusiyyətlərin bütün türkdilli ölkələrdə çapı nəzərdə tutulsa da ilk olaraq Azərbaycanda bizim “Ting” nəşriyyatı tərəfindən gerçəkləşdirilib. Kitabların nəşr edilməsi bütün türk uşaqlarının eyni qaynaqdan bəslənilməsi, eyni dəyərləri mənimsəməsi, eyni məqsəd ətrafında birləşməsi üçün bir addımdır. İlk tərcümə işi məhz bu kitablarla, Azərbaycan türkcəsinə olması “Ting” nəşriyyatı olaraq Türkiyə ilə qardaşlığımızın daha da möhkəmləndirilməsi üçün atdılan addımdır.
Mənbə: https://ikisahil.az/post/ting-neshriyyati-onemli-layiheye-imza-atib-foto