Bir kəs mənəvi zorakılığa etiraz edərsə fiziki zorakılıqla üzləşəcək, etməzsə intiharla. Danışığımın ortasında bu ifadəmin nə olduğu anlaşılacaq. Qadına zorakılıq edən birini dindirsən cavabı tabe olmadı, tabesizlik etdi olacaqdır. Yəni bir qadın əgər üzləşdiyi zorakılıqla barışmırsa etirazını bildirəcəkdir. Və bizim seyr etdiyimiz qadın zorakılıqları əslində davamlı olan zorakılığın nəticəsidir. Zorakılığın son həddidir. Qadın illərlə mənəvi cəhətdən zorakılığa dözür, sonra bu fiziki zorakılığa çevrilir. Daha sonra dözülməz həddə çatanda üzləşdiyi zorakılığı cəmiyyətə çatdırır. Bəs nə üçün qadın mənəvi zorakılığa məruz qalır? Daxilindəki istəklərlə, yaşadıqları üst- üstə düşmədiyi üçün. İstək və arzuları məhv olur. Yaşadıqlarına daxilən tabe olmaq istəmir. Bu daxili etirazı bir gün sözlə ifadə edir. Nəticəsi fiziki zorakılıqla nəticələnir. Zaman keçdikdə həya və utanmaq hissi də itir, öncə ətrafdakılardan cəmiyyətdən çəkinirdisə indi artıq bu ona vecsiz gəlir. “Yetər ki canımı qurtarım” , düşüncəsi ilə etirazlar şiddətlənir. Nəticəsi isə zorakılığın həmin qadına tətbiq edilməsi olur. Əslində etiraz etdikdən sonra zorakılıqla üzləşən qadın intihardan özünü uzaq edən və intihar etmə ehtimalı ən az olan qadındır. Çünki etiraz etdikcə artıq möhkəmlənmiş bir qadına çevrilib. Və çıxış yolunu artıq bunda tapıb. Ən azından sözlə etira edib. Bəs nə üçün etiraz edən bir qadın varsa olduğu yeri, ona zor tətbiq edəni tərk etmir? Aha burada artıq qadının uşaqlıq illərinə qayıtmamız gərəkdir. Uşaqlıqdan özgüvəni olmadan , asılı olaraq böyüdülən , ata nəvazişindən uzaq qalan bir qız varsa məsələ qəlizləşir . Qadın kasıb mühitdə böyüyübsə hazırda çox firavan həyatı varsa bu həyatı itirməkdən, qaçdığı yoxsulluğa təkara qayıtmaqdan qorxacaqdır. Bir tərəfdən də ən yaxınları ona təsir edəcək, çünki qızlarının firavan həyatı az-çox onlara da müsbət təsir etmişdir. Qadın uşaqlığında ata nəvazişi görməyibsə başını qoyacaq bir çiyinə ehtiyacı vardır, hava su qədər. Və nə qədər zor tətbiq etsə də hərdən ona sığal çəkdiyi üçün hər bir zülmü qurban edəcəkdir. Birsözlə itirmək qorxusu olduğu üçün zorakılığın bizə çatan həddi ilə üzləşənə qədər dözəcəkdir. Burada atalara müraciət yerinə düşür. Qızlarınızı elə sevəcəksiniz ki, elə tumar çəkəcəksiniz ki bir şirin sözlə əks cinsin qucağına düşməyə can atmayacaq, əyilməyəcəklər. Qızlarınız atası, qardaşı yəni əks cins tərəfindən sevgi ilə doyub sonra başqa evə gəlin köçəcəklər. Analara da müraciət yerinə düşər ki, evdə böyük qardaş varsa, bütün hökmranlığı ona verib qız uşaqlarınızı qardaşların əli ilə əzməyəcəksiniz. Özgüvəni itmiş halda , “canımı burdan qurtarım fikri ilə” gəlin köçürməyəcəksiniz. Özünüz qız vaxtı yaşadığınızı , oğul oğuldur qız qızdır düşüncəsini ötürməyəcəksiniz. İnancıma söykənərək Qurani Kərimdəki “Nisa” adlı qadınlar surəsinə diqqət çəkəcəyəm. Orada mirasla bağlı ayələrdə qız və oğul övladlarına miras bölgüsünə diqqətin çəkilməsi birbaşa valideynlərə işarədir, ki hər ikisinə qarşı ədalətli davransınlar bütün məsələlərdə. Qızlar çox zaman ailə daxilində ədalətsizliklə üzləşdikcə cəmiyyətə özgüvənsiz, itirmək qorxusu, “nə edəcəm? Və ya “dözməliyəm”, düşüncəsində olurlar. Bu da onların zamanla zorakılıqlara susmasına səbəb olur. Nəticə isə bir qızın həyatının itirilməsi, bir oğulun qatil olmasıdır. Zorakılığı edən bəs kimdir? O da uşaqlıq travması olan biridir əslində. Zor tətbiq edərkən nə qədər güclü görünsə də əslində zəif olan biridir. Onun da qorxuları vardır.
Bir qadın davamlı bir şeyə dözürsə, mənəvi zorakılıq fiziki zorakılıq (hətta xəyanətə belə) və bunun adını sevgi qoyursa yalandır. Səbəb qorxudur tək qalmaq qorxusu. Dünya başıma yıxılar, nə edərəm düşüncələridir. Buna səbəb isə mərkəzə qoyduğu sevginin kimə yönəlməsidir. Dünyada həmçinin insanda dəyişə bilmədiyimiz yaradılış etibarı ilə bir düzən vardır. Nə qədər Yardanı inkar edənlər olsa da adını istər təbiət qoyun nə istəryirsiniz qoyun bir gerçək var ki, bu dünyanın düzəni vardır. İnsanın ciyəri ilə böyrəyinin yerini dəyişmək, gözü ilə burnunun yerini, ayla günəşin yerini və funksyalarını dəyişmək mümkün deyildir. Dünya da insanlar da qoyulmuş bir qayda ilə fəaliyyətdədir. İnsanın fiziologiyası kimi psixologiyası, duyğu, düşüncələri, fitrəti də belədir. Aldığımız bir soyuducunun da normal işləməsi üçün işləmə qaydasına tabe olmağımız gərəkdir. İnsanın da ruhu və ruhunun ehtiyacları vardır. Və bu ehtiyaclar düzgün bölüşdürlmədikdə mütləq nəticəsi peşmançılıqdır. Necə ki, soyuducunu işlədərkən bir tələbini daha artıq etsək partlayar, xarab olar və s. İnsanın ruhunu sakit edən xoşbəxt edən bir şeylərə ehtiyacı vardır. Bu kimdəsə puldur, kimdəsə yaxınlara bağlılıq, kimdəsə musiqiyə sevgi və s. Və kimdəsə uzun müddət boşluqdur. Bir gün qarşısına bir kəs çıxıb onu sevənə qədər. Və əgər insan sevginin mərkəzinə keçici əbədi olmayanı, az ehtimal olsa belə onu tərk etməsi mümkün olanı qoyursa bir gün onsuz qalaramsa məhv olaram düşüncəsini illərlə özünə şüuraltı təlqin edir. Bəlkə də heç vaxt onu tərk etməyəcək amma bu düşüncə ilə özünü güvənsizliyə düşürür. Beləcə yaradılış qanunun pozur. Zaman keçdikcə ruhu zəifləyir. Amma əgər sevgini ali olan onu heç zaman tərk etməyən, hər zaman yanında olan, onu hətta valideynindən belə çox sevən, heç bir şeyə yenilməyən, heç bir şeyin güc gəlməyəcəyi bir Qüvvəyə yönəldərsə və sevginin mərkəzinə qoyarsa digər asılılıqlar o mərkəzdən kənarda qalar və hər bir halda qadının gözündə böyütdükləri kiçilər. Bəzən zor tətbiq edən insanlar qarşısındakını zəif gördkcə şiddəti daha da artırırlar. Özündən zəifi əzən kişilər çox zaman ürəkli insanlar deyil. Yəni özlərindən güclü biri ilə rastalşsalar çəkinərlər. Gün gəlib zorakılığa məruz qoyduqları qadın özündə mənəvi gücü topladıqda bu kişilər psixoloji olaraq zəifləyərlər. Çünki əslində də elə zəif idilər, lakin qadınlar özgüvənsizliyindən onları gözündə böyüdüb güclü etmişdi. Demək ki belə bir nəticə vardır ki bir qadın zorakılıqla üzləşirsə öncə özünü düzəltməkdən başlayacaqdır. Sevginin mərkəzinə ali Qüvvəyə, Əbədi olana sevginini qoyacaqdır. Onu yaradıb hər bir orqanını nizamla düzən, eyni zamanda ruhuna, yaşayışına da nəzarət edib nizam verən Allaha.. Təvəkkülünü ümidini həqiqi layiq olana, onu heç zaman tərk etməyənə bağlayacaqdır. Bax o zaman tərk edilmək kimi qorxusu qalmayacaqdır. Hər zaman çıxış yolu vardır düşüncəsində olacaqdır. Beləcə zorakılıqla üzləşməsinin ilk məhələsində qurtulmuş olacaqdır. Öncə zorakılıq edəni mənəvi olaraq tərk edəcək. Onu dəyişəməyə çalışarkən özünü itiməkdənsə, özü kimi qalıb zor tətbiq edənə qarşı baxışını dəyişəcəkdir. Əgər qadına zor tətbiq edən atasıdırsa. Və ona bir yerdə tabe olmadığı üçün zorakılıqla üzləşirsə yenə də mərkəzə qoyduğu sevgiyə baxacaqdır. Bu əgər Allahdırsa onun qoyduğu nizamla gedəcəkdir ki, heç nə onu qorxutmasın. Allahın qoyduğu qaydalara görə insanlara münasibəti özündə dəyişəcəkdir. Və beləcə bəlkə də qarşısındakını da dəyişəcəkdir. Atası olsa belə və nə qədər qəddar olsa belə. Yaradılış qaydasının ən mühümü isə ən birinci özünə sonra isə başqalarına zülm etməməkdir. İstər sağlamlıq, istərsə münasibət baxımından nə özünə nə digərlərinə əziyyət verməməkdir. Yox əgər evdə valideynlərin tərəfindən haqsızlıqla üzləşirsənsə etiraz etmədən susub səbr edirsənsə yenə düzgün olan odur ki , Ən güclü olana Yenilməzə Allaha güvənəcəksən. Bunda isə ətrafına göy üzünün, ayın, günəşin yaradılıçına, ən asanı isə özünə güzgüdə baxman kifayətdir ki yaradanın gücünü və ona güvənməyin nə qədər doğru seçim olduğunu anlayasan. Yardana üz tutub Ondan çıxış yolu istəyəsən. Əgər bir gün tükəndiyini hiss edərsənsə mütləq etirazını bildirməlisən. Hər zaman çıxış yolu vardır düşüncəsində olmalısan. Səni aşağı çəkənlərə deyil qartallar kimi yuxarı qaldıranlara üz tutmalısan.
Əgər etiraz etmədən uzun uzadı susursansa zorakılıqla üzləşməyəcəksən, bəli. Lakin daxilinə etiraz edəcəksən. Daxilə etirazla kifayətlənib səbr edə bilmək isə güclü iradə tələb edir. Bax burada qadın zorakılğı ilə intihar arasında təzad üzə çıxır. Əgər istədiyin həyatı yaşamağa imkan verməyənlərə etiraz edə bilməsən daxilinə etiraz edəcəksən. Bu isə əgər hansısa bir qüvvədən güc almırsansa bir gün səni tükədəcək və nəticə nə olacaq?- İntihar. Bizim əslində cəmiyyətdə gördüyümüz intihar hadisəsi son olandır, yəni nəticədir. O vaxta qədər dözüb susan və etiraz etməyən biri vardır. Deməli bir qadın mənəvi zorakılığa etiraz edərsə fiziki zorakılıqla üzləşəcək, etməzsə intiharla. Hər iki halda materiyaya, ötüb keçənə, əbədi olmayana, zəif olana bağlılıqdır, onsuz qalmağa olan qorxudur səbəb. Odur ki yaradılış qanununa qayıtmağımız gərəkdir, bizi bir yaradan vardır. Hansı ki, Yalnız ona yönəlməyi, sevgidə də, ümiddə də, qorxuda da yalınız onu mərkəzə qoymağı bizdən istəyir. Və bu qaydanı bizim doğru yaşamağımız üçün öyrədir.